Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus G20-lərin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ilə görüşündə koronavirus testlərinin, həmçinin peyvəndlərin, müalicə və fərdi qoruyucu vasitələrin istifadəsinin genişləndirilməsi üçün 20-25 milyard ABŞ dolları sərmayə tələb olunduğunu söyləyib.
“Report” xəbər verir ki, çıxışın mətni ÜST-ün Cenevrədəki mənzil-qərargahında yayımlanıb.
"Pandemiyaya hazırlıq və reaksiya üçün mövcud maliyyə arxitekturası qeyri-kafidir", - o deyib. ÜST rəhbəri hazırkı maliyyələşdirmənin həcmcə çox kiçik olduğunu, əldə etmək çətin olduğunu və çevik olmadığını söyləyib. Tedros Adanom Qebreyesus COVID-19 üçün diaqnostika və dərmanlara qlobal girişi təmin etmək üçün ACT-“Accelerator” beynəlxalq tərəfdaşlığının strateji planını və büdcəsini tam maliyyələşdirərək qlobal iqtisadi canlanmaya yenidən başlamağa çağırıb.
"Koronavirus testi, müalicə, fərdi qoruyucu vasitələrinə və peyvəndlərə çıxışın genişləndirilməsi və ÜST-ün ilin sonuna qədər bütün ölkələrin əhalisinin 40%-ni, gələn ilin ortalarına qədər 70%-i vaksinasiya etməsini dəstəkləmək üçün 20-25 milyard ABŞ dolları sərmayə lazımdır", - Qebreyesus vurğulayıb.