“Video Doktor” mobil tətbiqi istifadəyə verilib

“Video Doktor” mobil tətbiqi istifadəyə verilib Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Video Doktor” distant tibbi konsultasiyaların həyata keçirilməsi üçün nəzərdə tutulan mobil tətbiqi hazırlanıb və istifadəyə verilib.
Sağlamlıq
20 Avqust , 2020 11:02
“Video Doktor” mobil tətbiqi istifadəyə verilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Ezgil Medical Technologies” şirkətinin tərəfdaşlığı və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə “Video Doktor” distant tibbi konsultasiyaların həyata keçirilməsi üçün nəzərdə tutulan mobil tətbiqi hazırlanıb və istifadəyə verilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, milli texnoloji “start-up”ın məhsulu olan bu tətbiq COVID-19 pandemiyası dövründə tibb işçiləri və pasiyentlərin sağlamlığını qorumaq üçün aralarında yaxın təmasların azaldılması, vətəndaşların vaxtında və keyfiyyətli tibbi yardımla təmin olunması üçün hazırlanıb.

Eyni zamanda, tətbiq xroniki xəstəliklərdən əziyyət çəkən və hazırda tibb müəssisələrinə gəlməkdə çətinlik çəkən pasiyentlərə tibbi diqqətdən kənarda qalmamaq imkanını yaradıb.

Yeni istifadəyə verilən “Video Doktor” tətbiqindən istifadə həm həkim, həm də pasiyentlər üçün olduqca rahat və asandır. Maraqlıdır ki, tədbiqin köməyi ilə hər bir xəstənin tibbi kartı yalnız poliklinikalara deyil, həmçinin stasionar tibb müəssisələrinə də inteqrasiyası mümkün olur. Bu xəstəliyin gedişatı və müalicə prosesini izləmək üçün imkan yaradır. Üstəlik, burada həkim tərəfindən xəstəyə yazılan bütün reseptlərlə də tanış olmaq mümkündür. Onu da qeyd edək ki, bu mobil proqramın vasitəsilə xəstə qəbul vaxtını təyin etmək və ya müalicə ilə əlaqəli məsələlərə aydınlıq gətirmək üçün istənilən zaman həkimi ilə əlaqə saxlaya bilər. Bundan başqa, xəstə öz mövcud vəziyyəti, yəni temperaturu, nəbzi, təzyiqi, qan şəkəri səviyyəsi haqqında məlumatı əldə edib, sonra onu müalicə edən həkiminə göndərə bilər. Həkimlər, öz növbəsində pasiyentlərinin xəstəxanadan çıxdıqdan sonra belə vəziyyətlərini izləyə bilərlər. Yerləşdiyi nöqtədən asılı olmayaraq, dünyanın istənilən yerindən hər hansı bir tətbiq istifadəçisi özü haqqında məlumatları xaricdə yerləşən istənilən klinikaların həkimləri ilə asanlıqla bölüşə bilər. “Video Doktor” mobil proqramı, həmçinin xəstələr üçün analiz cavabları, rentgen nəticələri, peyvəndlər və digər məlumatların hər zaman “əl altında” olmasını təmin edir. Eyni zamanda, həkimlər istənilən zaman bu tətbiqə daxil olub, xəstənin məlumat bazasını bir-birlərinə göndərib, tədbiqin daha bir faydalı funksiyasından yararlanaraq, diaqnoz və müalicə yollarını onlayn şəkildə aralarında müzakirə edə bilərlər.

Evdə müalicə alan COVID-19 pasiyentlərinin müşahidəsi və müvafiq qayğı ilə əhatə olunması üçün Bakı şəhərinin poliklinikalarında uğurlu sınaqlardan keçmiş mobil tədbiqin digər dövlət və özəl tibb müəssisələri tərəfindən istifadə olunması nəzərdə tutulub. Beləliklə fərdi həkimlərin “Video Doktor”-dan yararlanması pandemiya dövründə təmasların, xüsusilə də, tibb işçiləri və yüksək risk qrupuna aid xroniki xəstəlikləri olan pasiyentlərin yoluxma riskinin azaldılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda, “Video Doktor” mobil tətbiqi tibbi xidmətlərin daha əlçatan olmasına kömək edir. Bu daha çox ölkənin ucqar kəndlər və qəsəbələrində yaşayan vətəndaşlar tərəfindən keyfiyyətli səhiyyə xidmətlərinin əldə edilməsinə aiddir.

Qeyd etmək lazımdır ki, artıq istifadəyə verilmiş “Video Doktor” mobil tətbiqi istənilən Android və iOS əməliyyat sistemli cihazlara müvafiq olaraq Google Play (Play Market) və AppStore-dan asanlıqla yüklənilə bilər.

Son xəbərlər

Orphus sistemi