"Hazırda Ağdam Sənaye Parkında rezident statusu almaq istəyən layihərə baxılır və müzakirələr aparılır".
Bunu “Report”a iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, Ağdam Sənaye Parkında 5 müəssisəyə rezidentlik statusu verilib: “Hazırda həm Ağdam Sənaye Parkında, həm də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında işlər konstruktiv və aktiv formada aparılır. Hər iki sənaye parkına böyük ümidlərlə baxırıq”.
N.Səfərov “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərəcək ilk rezident "KamAZ" şirkəti ilə bağlı məlumat verib: “Hazırda parkda “KamAZ” şirkəti layihələndirmə işləri aparır: Yaxın zamanlarda tikintiyə başlanılacaq”.
Xatırladaq ki, Ağdam Sənaye Parkında 30-dan çox rezidentin qeydiyyata alınması nəzərdə tutulur. Prosesdən aslı olaraq bu rəqəmlər dəyişə bilər, 100 milyon manatdan çox investisiya cəlbi nəzərdə tutulur.
Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə yaradılıb. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan artıq hissəsi təmizlənib, qalan ərazilərdə isə işlər davam etdirilir. Artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, abadlıq işləri görülüb.
2021-ci ilin oktyabrın 4-ündə Azərbaycan Prezidenti İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.