"AZCHEMCO"nun məhlulunun torpağa müsbət təsiri SGS laboratoriyalarında təsdiqini tapıb

"AZCHEMCO"nun məhlulunun torpağa müsbət təsiri SGS laboratoriyalarında təsdiqini tapıb “Made in Azerbaijan” brendi olan “AZCHEMCO” şirkəti tərəfindən hazırlanmış “Drip Drop 369” məhsulu BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun çağırışına tam cavab verib.
Sənaye
19 Noyabr , 2021 19:03
AZCHEMCOnun məhlulunun torpağa müsbət təsiri SGS laboratoriyalarında təsdiqini tapıb

“Made in Azerbaijan” brendi olan “AZCHEMCO” şirkəti tərəfindən hazırlanmış “Drip Drop 369” məhsulu BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun çağırışına tam cavab verib.

"Report" xəbər verir ki, bu barədə “AZCHEMCO” şirkətinin təsisçilərindən olan Levent Özdemir məlumat verib.

O, BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun çağırışına cavab olaraq “AZCHEMCO” tərəfindən həyata keçirilən layihə əsasında əldə edilmiş məhsulun torpaqda tətbiqi ilə bağlı SGS şirkətinin laboratoriya analizlərinin cavablarını açıqlayıb:

“Daha əvvəl BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO araşdırma və tətqiqat (AR-GE) şirkətlərinə dünyada iqlim dəyişikliyi, quraqlıq, qlobal istiləşmə faktoru ilə əlaqədar kənd təsərrüfatında və bunun fonunda əhalinin sayının artması ilə bağlı olaraq qida sektorunda yaranan problemlərin həllində kömək ola biləcək layihələrin həyata keçirilməsinə dair çağırış etmişdi. Bu çağırışa cavab olaraq layihə həyata keçirdik. Layihə çərçivəsində “Netafim” şirkətinin suvarma sistemi ilə “AZCHEMCO” tərəfindən hazırlanmış “Drip Drop 369” məhsulunu torpağın 30 santimetr dərinliyinə yeritdik. Bu üsulla torpaqda PH səviyyəsinin aşağı düşəcəyini, duzluluq faizinin enəcəyini, bununla birgə kənd təsərrüfatı üçün əlverişsiz torpaqlarla bağlı problemlərin həll edilə biləcəyini ictimaiyyətlə bölüşdük.

Media nümayəndələrinin də iştirakı ilə SGS şirkətinin əməkdaşları tərəfindən “Drip Drop 369” məhsulu istifadə edilən və “Drip Drop 369” məhsulu istifadə edilməyən torpaqdan laboratoriyada yoxlanılmaq üzrə nümunələr götürüldü. Bu nəticələr analiz edildi və hazırda “Drip Drop 369” məhsulunun BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun çağırışına tam cavab verdiyini sizinlə bölüşürük. Bu gün Azərbaycan və dünya kənd təsərrüfatı üçün əlamətdar gündür”.

Analizlərin laboratoriya nəticələrinə əsasən, AZCHEMCO şirkətinin “Drip Drop 369” məhsulu istifadə edilmədən əvvəl torpaqdakı PH səviyyəsi 8,47 mq/kq idisə, “Drip Drop 369” məhsulu istifadə edildikdən sonra torpaqdakı pH səviyyəsi 7,62 mq/kq olub. Bu isə məhsulun torpaqda PH səviyyəsini endirdiyini, onu kənd təsərrüfatına daha əlverişli səviyyəyə gətirdiyini göstərir.

Məhlul istifadə edilməyən torpaqda mis 13,63 mq/kq ikən, “Drip Drop 369” məhsulu istifadə edildikdən sonra 15,82 mq/kq-a qədər artıb. Torpaqdakı sodium, yəni duzluluq dərəcəsi isə 1140,81 mq/kq ikən, “Drip Drop 369” məhsulu istifadə edildikdən sonra bu, 2,44 dəfə azalaraq 466,78 mq/kq-ı təşkil edib. Həmçinin, maqnezium səviyyəsi 6475,34 mq/kq olduğu halda AZCHEMCO şirkətinin hazırladığı məhsul istifadə edildikdən sonra 6947,72 mq/kq səviyyəsinə çatdırılıb.

Qeyd etmək lazımdır ki, torpaqdakı fosfor çox vacib elementdir. AZCHEMCO şirkətinin hazırladığı məhsul istifadə edilməyən torpaqda 286,1 mq/kq olduğu halda, bu məhlul torpağa yeridildikdən sonra fosfor səviyyəsi 3,35 dəfə artaraq 960,1 mq/kq-a çatdırılıb.

Eləcə də, bor 33,81 mq/kq olduğu halda 5,72 dəfə artırılaraq 189,66 mq/kq-a, sink 32,2 mq/kq olduğu halda 43,04 mq/kq-a, potasium 2860,99 mq/kq ikən 2987,62 mq/kq-a qalxıb. Həmçinin, torpaqda kalsium 125919,28 mq/kq olduğu halda “Drip Drop 369” məhlulu torpaqda istifadə edildikdən sonra 10 faiz artımla 138168,23 mq/kq olub.

Levent Özdemir AZCHEMCO tərəfindən həyata keçirilən layihənin dünya əhalisinin kənd təsərrüfatı torpaqları ilə bağlı problemlərin həll olunmasında, kənd təsərrüfatına yararsız hesab edilən torpaqların təkrar dövriyyəyə qazandırmaq baxımından Azərbaycana, dünyaya, insanlığa və gələcəyə xeyirli bir addım olacağını deyib:

“Made in Azerbaijan” ruhu ilə qurulmuş, Qarabağ atının loqosunda, ölkə bayrağının üç rəngini adında qürurla dalğalandırmağı özünə missiya bilən AZCHEMCO artıq Azərbaycanda kənd təsərrüfatına yararsız hesab edilən torpaqlarının yenidən dövriyyəyə qatıla biləcəyini açıqlamaqdan məmnundur.

Torpaqlarımızdan doğru istifadə etməsək, yalnış suvarma və gübrələ üsullarını seçsək FAO-nun problem olaraq gündəmə gətirdiyi məsələlər daha da böyüyəcək. Artıq yalnış gübrələnmə ilə torpaqların məhv olduğu dövr bitdi. Bu məhsulla həm gübrəmizdən istifadə edəcək, həm də gələcəyimizə sərmayə qoyacağıq. Rəsmi labaratoriya nəticələri bu problemin həll olunduğunu göstərir. Növbəti dövrdə AZCHEMCO olaraq yeni məhsullarla çıxış edəcəyik”.

AZCHEMCO məhsullarının ixracı ilə bağlı artıq Ukrayna və Özbəkistan ilə razılaşmalar əldə edilib. Şirkət məhsullarından nümunələr təqdim olunub və növbəti ayın 10-dan etibarən Özbəkistanda ixrac əməliyyatları ilə bağlı görüşlər keçiriləcək.

L.Özdemir AZCHEMCO tərəfindən təqdim edilən həllərlə birgə karbamid fabrikindən əldə edilən məhsuldan xam maddə kimi istifadə edəcək, yerli məhsulumuzu daha dəyərli hala gətirib, ölkə iqtisadiyyatına daha böyük töhfələr verəcəyik:

“Prezident İlham Əliyev tərəfindən qeyri-neft ixracını həyata keçirən şirkətlərin ölkə iqtisadiyyatına qatdığı dəyər çox yüksək qiymətləndirilir. Azərbaycanda AZCHEMCO-nun təqdim etdiyi həllərlə gələcəkdə fosfor, potas fabrikləri də ölkəmizdə qurula bilər. Bu cəhətdən şirkət ölkə iqtisadiyyatı üçün önəmli bir missiyanı üzərinə götürüb”.

Onun sözlərinə görə, Qarabağ torpaqlarında minalardan təmizləmə prosesi yekunlaşdıqdan sonra şirkət məhsullarının bu torpaqlarda da tətbiq edilməsi mümkündür:

“Qarabağ torpaqlarında üstümüzə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bu, bizim üçün çox vacibdir. Biz Qarabağ torpaqlarında da yalnış gübrələmə probleminin yaşanmasını istəmirik. Şirkət loqomuzda Qarabağ atını şahlandırdığımız kimi təmiz məhsul, təmiz dünya və təmiz qida missiyamızı Qarabağ torpaqlarında da icra etmək və bu torpaqları gələcək nəsilə miras qoymaq istəyirik”.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə suda həll olunan gübrə istehsalı layihəsi də "AZCHEMCO" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi