“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report”un “AzerGold”a istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğu qeyd olunub.
“AzerGold”un geoloji kəşfiyyat, hasilat və digər sahələr üzrə əldə etdiyi nailiyyətlər, yeni mədənlərin işə salınması, dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən Z.İbrahimov şirkətin xaricilərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdırıb.
O bildirib ki, hasilat işlərinə cəmi bir mədəndən başlayan “AzerGold”, bir neçə əlvan metal yatağının istismara hazırlanması istiqamətində fəal iş aparmaqla yanaşı, ötən ilin sonunda daha bir qızıl yatağının, “Ağyoxuş 1”in istismara verilməsinə nail olub. Üstəlik, fəaliyyətdə olan “Çovdar” Filiz Emalı Sahəsinin bazasında müstəqil şəkildə istismarı səmərəsiz hesab edilən bir neçə yataqdan (“Ağyoxuş 2” “Ağyoxuş 3”, "Mərəh”, “Tülallar” və “Narçala” qızıl yataqları) hasil edilən filizlərin mərkəzləşdirilmiş qaydada, vahid istehsal sahəsində emal edilməsinə şərait yaradan İnteqrəolunmuş Emal Sahəsinin yaradılması istiqamətində əməli addımlar atılıb. Sözügedən sahənin yaradılması yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan həmin yataqların mərhələli şəkildə, səmərəlilik əmsalı yüksəldilməklə istismarına zəmin yaradıb.
İdarə Heyətinin sədri bildirib ki, təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır.