Azərbaycanda piroliz yağının istehsalına dair birgə müqavilə imzalanıb
Azərbaycanda piroliz yağının istehsalına dair birgə müqavilə imzalanıbİqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Downstream Management" MMC və İtaliyanın "TechnipEnergies S.p.A." şirkəti arasında piroliz yağı istehsalı layihəsinin həyata k
İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ), Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCAR Downstream Management" MMC və İtaliyanın "TechnipEnergies S.p.A." şirkəti arasında piroliz yağı istehsalı layihəsinin həyata keçirilməsinə dair birgə müqavilə imzalanıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O bildirib ki, ümumi dəyəri 97 milyon avro olan bu “yaşıl layihə”nin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC (@AIC_OJSC), "#SOCAR Downstream Management" MMC və İtaliyanın "@TechnipEnergies S.p.A." şirkəti arasında piroliz yağı istehsalı layihəsinin həyata keçirilməsinə dair birgə müqavilə imzalanıb. Ümumi dəyəri 97 milyon avro olan bu yaşıl layihənin… pic.twitter.com/6ImD2xLxgd
İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, sənəd nazir Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf İtaliyanın "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə görüşü çərçivəsində imzalanıb.
Görüşdə bərpa olunan enerji ehtiyatlarına malik olan ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə xarici şirkətlərlə fəal əməkdaşlıq edildiyi, mövcud potensialın reallaşdırılmasında beynəlxalq təcrübənin və müasir texnologiyaların tətbiqinin önəmi qeyd olunub. Azərbaycanda beynəlxalq tərəfdaşlarla "yaşıl” enerjinin istehsalı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər aşağı karbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Layihənin reallaşdırılması sənaye məhsullarının müxtəlifliyini və dayanıqlığını artıraraq, ölkənin təbii ehtiyatlarından daha səmərəli istifadəni təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavodda ildə 36 000 ton plastikdən 23 000 ton piroliz yağı istehsal ediləcək. Layihədə AİŞ 30 %, “Technip Energies S.p.A.” 35 %, SOCAR isə 35 % iştirak paylarına sahibdir.
Tədbirdə “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsibarədə təqdimat nümayiş olunub. Layihə üzrə tətbiq ediləcək piroliz yağı texnologiyası plastik tullantıların yüksək temperaturda parçalanması yolu ilə təkrar emal edilməsini təmin edir. Bu, tullantıların azaldılması və yanacaqlara alternativ yanacaq istehsalı ilə karbon izini azaldır.
60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan “Technip Energies” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.