Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 27,5 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çox sənaye məhsulu istehsal edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə sənayenin neft-qaz sektorunda məhsul istehsalı 1,6 % azalıb, qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 16,4 % artıb.
Sənaye məhsulunun 62,7 %-i mədənçıxarma sektorunda, 31,3 %-i emal sektorunda, 5,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 11,1 % artıb.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 88,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 68,7 %, tütün məmulatlarının istehsalı 62,5 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 61,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 56,4 %, tikinti materiallarının istehsalı 46,7 %, elektrik avadanlıqlarının istehsalı 46,7 %, kağız və karton istehsalı 31,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 14,5 %, hazır metal məmulatlarının istehsalı 10 %, neft məhsullarının istehsalı 8,5 %, qida məhsullarının istehsalı 6,8 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,6 %, maşın və avadanlıqların istehsalı 4,8 %, içki istehsalı 1,8 %, geyim istehsalı 1,2 % artıb, kimya sənayesi məhsullarının istehsalı 3,7 %, mebel istehsalı 17,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 %, poliqrafiya məhsullarının istehsalı 50,6 %, sair nəqliyyat vasitələrinin istehsalı 71,3 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,7 % artıb.