Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədəninin istismarı nəticəsində bugünədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edilib.
“Report”un “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla görüşü zamanı bildirib.
Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu bildirən sədr bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını vurğulayıb.
Z.İbrahimov “AzerGold”un bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında da məlumat verib.
İdarə Heyətinin sədri əlavə edib ki, 2016-cı ildə fəaliyyətə 1 mədənin - “Çovdar” qızıl mədənin istismarından başlayan Cəmiyyət hazırda 2 mədəndə hasilat işləri aparır: “Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub. Ümumilikdə Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupuı, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir. Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır”.
Sədr bundan sonrakı dövrdə də Cəmiyyətin qarşıya qoyulan hədəflərə nail olacağına, xüsusilə qarşıdakı dövrlərdə digər mədən sahələrinin istismara verilməsi, yeni iş yerlərinin yaradılması ilə bölgələrin sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlara imza atacağına əmin olduğunu bildirib.