“AzerGold”un orta və uzunmüddətli Korporativ Strategiyası hazırlanıb

“AzerGold”un orta və uzunmüddətli Korporativ Strategiyası hazırlanıb Əlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə “AzerGold” QSC 2025-ci (ortamüddətli) və 2035-ci (uzunmüddətli) korporativ strategiyası hazırlayıb.
Sənaye
16 Sentyabr , 2020 14:50
“AzerGold”un orta və uzunmüddətli Korporativ Strategiyası hazırlanıb

Əlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə “AzerGold” QSC 2025-ci (ortamüddətli) və 2035-ci (uzunmüddətli) korporativ strategiyası hazırlayıb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən ildən etibarən nüfuzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə başlanan proses çərçivəsində sənayedə əsas tendensiyaların müəyyən edilməsi, dövlətin maraq və hədəfləri nəzərə alınmaqla Cəmiyyətin icra edəcəyi fəaliyyətə dair əsas maliyyə və əməliyyat göstəricilərinin proqnozlaşdırılması, strateji variantların prioritetləşdirilməsi və strategiya sənədinin icrası üzrə yol xəritəsinin tərtib edilməsi kimi işlər aparılıb. Nəticədə strategiya sənədini ötən gün Cəmiyyətin Ümumi Yığıncağı qismində İqtisadiyyat Nazirliyi təsdiq edib.

Bu strategiyanı həyata keçirməklə Cəmiyyətin 2035-ci ilədək regional miqyasda irihəcmli dağ-mədən şirkətə çevrilməsi əsas strateji baxışı olaraq müəyyən edilib. Cəmiyyətin strateji hədəflərinə ən böyük qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən birinə çevrilməsi, mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması, strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığını aradan qaldırılması, habelə dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsinə töhfələrin verilməsi və əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi daxildir.

Qeyd olunan məqsədlərə nail olmaq üçün hazırlanan orta və uzun müddətli yol xəritəsi çərçivəsində strateji proqramlar müəyyən edilib. Bu proqramlar qızıl, mis-sink mədənlərinin, sənayenin yan sahələrinin inkişafı, beynəlxalq bazarlarda genişlənmə hədəflərini əhatə edir. Strategiya sənədinin icrası qeyri-neft sənayesinin dinamik inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılması və nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək. Cəmiyyətin korporativ strategiyası çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə 8,9 milyard dollaradək həcmində töhfənin verilməsi, Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır.

Eyni zamanda, layihələrin icrası ilə Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsi 14% həcminə hədəflənir. Məlumat üçün qeyd olunmalıdır ki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin MİAD-ı (Məcmu illik artım dərəcəsi) 9% olub.

Xatırladaq ki, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və strateji idarəetmənin tətbiqi “AzerGold” QSC-nin prioritetlərindəndir. Belə ki, yarandığı gündən etibarən Cəmiyyətdə beynəlxalq standartlara əsaslananan korporativ idarəetmə prinsipləri tətbiq edilir, ən optimal üsullarla yüksək nəticələr əldə edilməsi üçün sistemli tədbirlər aparılır.

Son xəbərlər

Orphus sistemi