“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəripək" MMC nizamnamə kapitalını 303 100 manat və yaxud 2,6% azaldaraq 11 849 579 manatdan 11 546 479 manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, 1 033-cü məhəllə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipək açan istehsalat 1 növbəli iş rejimində illik istehsal gücü 350 ton yaş barama, toxucu istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 450 min p/m ipək, 400 min p/m pambıq parça,boyaq-bəzək istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 24 min ədəd kəlağayı, 4 min ədəd şərf və 8 min ədəd çitmə təşkil edir.
Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.