Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” (AAM) şirkəti “Gədəbəy” yatağında filiz emalı güclərinin fəaliyyətini tam həcmdə bərpa edib.
"Report" bu barədə şirkətin məlumatına istinadən xəbər verir.
“Gədəbəy mədənində flotasiya qurğusu normal fəaliyyətini bərpa edib. Eyni zamanda, emal üçün həm ehtiyatdakı filiz, həm də əsas açıq karxanadan təzə çıxarılan filizdən istifadə olunur”, - məlumatda qeyd edilib.
Bildirilir ki, 2024-cü ilin sentyabr ayında qələvi üsulu ilə filizlərin emalı zavodu yenidən işə salınıb.
“Beləliklə, Gədəbəydə bütün emal müəssisələri tam fəaliyyətini bərpa edib. Bu, şirkətə tam istehsal gücünə qayıtmağa və 2028-ci ilə qədər orta səviyyəli çox aktiv mis və qızıl istehsalçısına çevrilməyə imkan verir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 2024-2028-ci illəri əhatə edən inkişaf strategiyası çərçivəsində ardıcıl olaraq 4 yeni mədən – “Gilar”, “Xarxar”, “Qaradağ” və “Zəfər” istismara veriləcək. 2028-ci ildən şirkət mis istehsalını ildə təxminən 36 min tona çatdırmağı planlaşdırır.
Bildirilib ki, “Gədəbəy” yatağında mövcud tullantı anbarının divarının qaldırılmasının birinci mərhələsini başa çatdırıb. Bu da divarın 2,5 metr qaldırılmasını nəzərdə tutur.
Xəbər verildiyi kimi, 2-3 illik istehsal fəaliyyəti üçün kifayət qədər saxlama qabiliyyətini təmin etmək məqsədilə divar iki mərhələdə 7 metr yuxarı qaldırılacaq.
Xatırladaq ki, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda ААМ Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olsa da, hələlik “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.