Britaniyanın qızıl hasilatçısı şirkəti satdığı qiymətli metalların həcmlərini açıqladı

Britaniyanın qızıl hasilatçısı şirkəti satdığı qiymətli metalların həcmlərini açıqladı Ötən il ərzində bir unsiyanın satış qiyməti orta hesabla 1 777 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 26 % çoxdur
Sənaye
21 May , 2021 10:34
Britaniyanın qızıl hasilatçısı şirkəti satdığı qiymətli metalların həcmlərini açıqladı

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2020-ci ilin yekunları ilə bağlı satış həcmlərini açıqlayıb.

“Report”un şirkətin açıqladığı hesabata əsasən verdiyi məlumata görə, 2020-ci il ərzində şirkət tərəfindən satışı həyata keçirilən qızıl külçələrinin həcmi 48 650 unsiya təşkil edib. Bu, 2019-cu ilin yekunlarının göstəriciləri ilə müqayisədə 5 342 unsiya və ya 9,9 % azdır.

Ötən il ərzində bir unsiyanın satış qiyməti orta hesabla 1 777 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin orta qiymət göstəricisi ilə müqayisədə 367 ABŞ dolları və ya 26 % çoxdur.

2020-ci maliyyə ilində şirkət tərəfindən satışı həyata keçirilən mis konsetratının həcmi 11 839 quru metrik ton təşkil edib. Bu, 2019-cu ilin yekunlarının göstəriciləri ilə müqayisədə 1 558 quru metrik ton və ya 15,2 % çoxdur.

2020-ci maliyyə ilində müştəriyə şirkət tərəfindən mis konsentratının tədarükünün satış dəyəri 17,7 milyon ABŞ dolları (Azərbaycan Hökuməti istehsal payı xaricində) təşkil edib. Bu isə daha əvvəlki 2019-cu ilin göstəriciləri ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 6 % çoxdur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi