Azərbaycanda 2024-cü ilin birinci rübündə sənaye zonaları tərəfindən 640,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, bunun da 223,6 milyon manatı ixracın payına düşür.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6 %, ixracında isə 28,2 % təşkil edib.
2015-ci ildən 2024-cü ilin I rübünün sonunadək sənaye zonalarında 12,74 milyard manat dəyərində məhsul satılıb ki, bunun da 4,1 milyard manatlıq hissəsi ixrac edilib.
Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib. İqtisadi Zonaların İnkişafı Agentliyi qeyd edir ki, sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır.
2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.