Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Azərbaycan və Vyetnam arasında əməkdaşlığın genişləndirməsinə təkan verəcək.
“Report”un məlumatına görə, bunu Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov “Vietnam Economic Times” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Vyetnam şirkətləri iştirak üçün müraciət edə bilərlər: “Vyetnamlı investorların iştirakı xoş qarşılanar. Çünki işğaldan azad edilmiş bu ərazilərdə investorlar üçün əlverişli şərait yaradılır. Artıq müxtəlif ölkələrdən bir çox şirkətləri bu yenidənqurma işlərində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Amma Azərbaycanın siyasəti bizi dəstəkləyən ölkələrə, o cümlədən Vyetnama üstünlük verməkdir”.
Səfir bildirib ki, Vyetnam şirkətləri Azərbaycanda sərmayə qoymaq və işgüzar əlaqələr qurmaq üçün çox xoş qarşılanır: “Azərbaycan səfirliyi onları dəstəkləməyə hazırdır. Biz azərbaycanlı həmkarları ilə əlaqə və münasibətlər qurmaq istəyən hər kəsə dəstək olacağıq”.