"Sənaye zonaları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata inteqrasiyası prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək".
Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.
“Həmin ərazilərin zəngin resurs və infrastruktur potensialı mövcuddur. Onlardan səmərəli istifadə edilməsi əsas prioritetlərdən biridir. Bu kontekstdə işğaldan azad edilmiş əraizlərdə sənaye zonalarının yaradılması həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılmasında, sənaye potensialının maksimal dərəcədə səmərəli reallaşdırılmasında, müasir və effektiv istehsalın yaradılmasında əhəmiyyətli rol oynayacaq”, - A. Həsənli bildirib.
Onun sözlərinə görə, sənaye zonaları ələlxüsus regionlarda sahibkarlığın genişləndirlməsinə töhfə verir, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli ixracı stimullaşdırır: “Sənaye zonalarının yaradılmasının təməl fəlsəfəsində sahibkarlar və muzdlu işçilər üçün maksimal komfortlu fəaliyyət mühitinin formalaşdırılması durur. Belə ki, sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikalar isə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azaddırlar. Bütün bunlar həmin zonalara investisiya qoyuluşlarını stimullaşdırır. Bunun nəticəsi olaraq sənaye zonalarına 6 milyard manatdan çox sərmayə cəlb edilib".
A. Həsənli vurğulayıb ki, sənaye zonaları xüsusilə regionlarda məşğulluğun artırılmasını təmin edir: "Həmin zonalarda 10 mindən çox faktiki iş yeri yaradılıb. Bu tip zonalar idxalı əvəz edən məhsulların istehsalını stimullaşdırmaqla ölkənin xarici bazarlardan asıllığını minimuma endirir. Eyni zamanda ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin etməklə xarici bazarlarda rəqabətə davamlı məhsulların istehsalını artırır. Açıqlanan son rəsmi rəqəmlərə nəzər salsaq görərik ki, əvvəlki ilə nisbətən sənaye zonalarında məhsul istehsalı 2021-ci ildə 88,3 % artıb. Sənaye zonaları üzrə ixracın həcmi isə hesabat dövründə 2,7 dəfə çoxalıb”.
Ekspert hesab edir ki, sənaye zonalarının yaradılması ölkənin qeyri-neft sənayesinin formalaşdırılması və sürətli inkişafında həlledici rol oynayır.