Türkiyə kapitallı “Birlik Deri” MMC İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına 20,8 milyon manat investisiya yatıracaq.
"Report" agentliyə istinadən xəbər verir ki, şirkətə parkın rezidenti statusu verilib.
Bununla da rezidentlərin sayı 28-ə çatıb. Şirkət dəri və dəri məmulatları istehsal edəcək. Layihə çərçivəsində 250-dən çox yeni iş yeri yaradılacaq.
İtaliya, Türkiyə, Cənubi Koreya kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
İndiyə qədər Ağdam Sənaye Parkında ümumi investisiyalarının məbləği 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Həmin sahibkarlıq subyektlərinin parkda ümumilikdə 2300-ə yaxın iş yeri yaratması nəzərdə tutulur. Bu günə qədər parka 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq iş yeri yaradılıb.
Ağdam Sənaye Parkı Azərbaycan Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Park 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.