Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial dəstək tədbirlərinin bir istiqaməti də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, onların yaxınlarının, müharibədən zərər çəkənlərin sosial-psixoloji dəstəklə təmin edilməsidir.
Nazirlikdən "Report"a verilən məlumata görə, ötən il noyabrın 18-dən Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları qeyd edilən kateqoriyalardan olan 2 440 ailəyə səfər ediblər.
İlkin sorğular əsasında ailə üzvlərindən psixoloji problemləri olanlar müəyyənləşdirilib. Onlarla seanslar təşkil edilərək psixokorreksiya işləri aparılır. Bir hissəsi ödənişsiz dərman preparatları ilə də təmin olunub. Eləcə də, Agentliyin 5 psixoloqla fəaliyyət göstərən “Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) daxil olan 600-ə yaxın zəngdən 400-dək zəng üzrə evlərə gedilərək əyani şəkildə psixoloji dəstək göstərilib.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində isə 12-si şəhid və yaralı hərbçilərin uşaqları olmaqla 250 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçidən ehtiyacı olan 17 hərbçi, habelə Sərhəd Qoşunları Hospitalından 11 hərbçi də Agentlik tərəfindən sosial-psixoloji reabilitasiyaya cəlb edilib.