Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 700-dən çox şəxsi növbədənkənar özünüməşğulluq proqramına cəlb edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 450-ni şəhidlərin, 180-ni yaralanmış hərbçilərin ailə üzvləri, 35-ni müharibə iştirakçıları və başqaları təşkil edir.
Proqrama cəlb edilən şəxslərdən artıq 330 nəfərinə mal və materiallar, avadanlıqlar formasında aktivlər verilməklə, kiçik ailə müəssisələri yaradılıb. Qalanlarının da aktivlərlə təminatı, habelə bu kateqoriyadan olan vətəndaşların proqrama cəlb edilməsi işləri davam edir.
Həmçinin erməni terroru nəticəsində evləri dağılmış 25 şəxs üçün də son günlərdə özünüməşğulluq proqramı çərçivəsində kiçik müəssisələr yaradılıb.
Eyni zamanda, Agentlik Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 100 nəfərini istəklərinə uyğun olaraq haqqı ödənilən ictimai işlərə cəlb edib.