Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
"Report" xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə baş tutur.
Çıxış edən DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib ki, DOST modeli artıq vahid xidmət məkanından vahid informasiya, innovasiyaların mübadiləsi platformasına çevrilir.
"Vahid platforma konsepsiyasında idarəetmə modelləri" mövzusunda keçirilən plenar iclasda Fərid Məmmədov dünya təcrübəsində "bir pəncərə" prinsipinin tətbiqindən, iş prinsiplərindən idarəetmə formalarından danışıb:
"Dünyada bu sahədə bir çox yanaşmalar var. Tətbiq edilən modellərin 2 əsas məqsədi var. İstifadəçinin təcrübəsi əsasında olan yanaşmalar və əməliyyat səmərəliliyi əsasında olan yanaşmalar. İstifadəçi deyəndə xidmətdən istifadə edən vətəndaş nəzərdə tutulur. Burada vətəndaşa sadə, əlçatan və şəffaf xidmət prinsiplərinə əsaslanan xidmətlərin göstərilməsindən söhbət gedir. Əməliyyat səmərəliliyi isə təşkilatın korporativ idarəetmə prinsiplərinə əsaslanan yanaşması, məlumat-informasiya sistemlərinin tətbiqi, çevik insan resursları sahəsində olan modellərin tətbiqi, güclü kommunikasiya sisteminin tətbiqi və s. nəzərdə tutulur. Burada təşkilatın rolu xüsusi qeyd olunur".
İdarə Heyətinin sədri çıxışında "bir pəncərə" prinsipində bir sıra kritik faktorların da olduğunu qeyd edib:
"Ən böyük kritik faktor peşəkar kadrların qıtlığıdır. Daha sonra bu sahədə olan proses və qaydaların sadələşdirilməsi məsələsidir. Bu sahədə kompleks iş aparılmalıdır. Yeri gəlmişkən bizim təşkilatda da bu istiqamətdə bir çox islahatlar aparılır. Üçüncü ən vacib kritik faktor isə aydın kommunikasiya və yayım strategiyasının inkişafıdır. Çünki, vətəndaş bütün görülən işlər barədə açıq və əlçatan formada məlumat almalıdır".
Vətəndaşlara "bir pəncərə" prinsipi ilə xidmət göstərən DOST Agentliyinin idarəetmə modelindən danışan Fərid Məmmədov bu modelin müxtəlif konseptlərə əsaslandığını və daim bu sahədə təkmilləşdirmə aparıldığını diqqətə çatdırıb.
"DOST modeli 3 pillədən ibarətdir: ön, orta və arxa ofislər. Mərkəzlərimizdə əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair 15 istiqamət üzrə 159 adda sosial xidmət göstərilir. Orta ofis DOST Agentliyinin aparatıdır. Bu ofis vasitəsilə DOST mərkəzlərinin idarəedilməsi həyata keçirilir İdarəetmənin də əsaslarında 4 fəaliyyət istiqaməti var. Buna inzibatçılıq, monitorinq və qiymətləndirmə, optimizasiya və optimallaşdırma daxildir. Arxa ofis isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlardır ki, onlar gündəlik olaraq bizim ön ofisdə gördüyümüz işlərə dəstək olur", - deyə o əlavə edib.
Çıxışının sonunda müxtəlif konseptlərə əsaslanan DOST modelinin artıq innovasiyaların mübadiləsi platrofmasına çevrildiyini qeyd edən Fərid Məmmədov bu modelin yaxın gələcəkdə süni zəka sisteminə inteqrasiya ediləcəyinə və bu addımın xidmət keyfiyyətini daha da artıracağına inandığını bildirib.
Konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edir.
Konfrans iki plenar və üç paralel iclasdan ibarət olmaqla yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimat, panel müzakirə və çıxışları ilə davam edəcək.
Konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində surətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.
Həmçinin, vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi, qlobal məqsədlərin formalaşdırılması, DOST konsepsiyasının yerli və qlobal miqyasda tanınma səviyyəsininin artırılması, müsbət və mənfi təcrübələrdən faydalanılması, DOST Agentliyinin uğurla nəticələnmiş layihələrinin və fəaliyyətlərinin gündəmə gətirilməsi, eləcə də DOST xidmətləri barədə ictimaiyyətin məlumatlandırılması konfransın əsas məqsədlərindəndir.
Əsas hədəf qrupuna dövlət qurumlarında, özəl sektor təşkilatlarında, beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə çalışan, o cümlədən, ali təhsil müəssisələrində təhsil alan və çalışan şəxslər aiddir.
Konfransın informasiya tərəfdaşları AzTV və Real televiziyaları, həmçinin Report və APA informasiya agentlikləridir.