Azərbaycanda “Məişət zorakılığının qarşısının alınmasına dair”
Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsi hər kəsi sorğuda iştirak etməyə dəvət edib.
"Ümumilikdə zorakılıq termini başqalarına münasibətdə müxtəlif məcburetmə formalarının tətbiq edilməsi kimi başa düşülür. Məişət zorakılığı isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə yaxın qohum olan ailə üzvlərinin, birgə yaşadığı hallarda digər qohumlarının, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvadın və ya himayəçi təyin olunmuş fiziki şəxslərin və qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumların birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Göründüyü kimi, məişət zorakılığı yalnız qadınların deyil, həmçinin digər ailə üzvlərinin, o cümlədən uşaqların fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılığa məruz qalması deməkdir", - məlumatda qeyd olunub.
Dövlət Komitəsi məişət zorakılığının formalarını açıqlayıb. Bildirilib ki, məişət zorakılığının əsasən fiziki, psixoloji, iqtisadi və cinsi formaları mövcuddur:
Məişət zəminində:
- fiziki zorakılıq – birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığa zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır;
- psixi zorakılıq – birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərdir;
- iqtisadi xarakterli zorakılıq – birinin digərini onun mülkiyyətində və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına yönəlmiş hərəkətlərdir;
- cinsi zorakılıq – birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.