Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycanın təkrar emal sahəsində səylərini dəstəkləmək üçün açıq havada “Özün Yarat” müsabiqəsinin mükafat mərasimi keçirib.
"Report"un xəbərinə görə, Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən parkda təşkil edilən tədbirdə “Özün Yarat” müsabiqəsinin seçilmiş iştirakçıları əl işlərini nümayiş etdirib və laureatlara qiymətli hədiyyələr verilib.
Tədbirin keçirilməsində məqsəd insanları tullantıların azaldılması və ətraf mühitin qorunması üçün atılan tullantılar üçün yaradıcı həll yolları axtarmağa sövq etməkdir.
Mərasimdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri cənab Peter Michalko və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini xanım Charu Bist ölkədə iqlim fəaliyyətinə aid mesajlarla mühüm çıxışlar ediblər.
Tədbirdən iştirak edən R.Hacıyev bildirib ki, əsas məqsəd istifadəyə yararsız tullantıların yenidən emal edilərək yararlı formaya salınmasıdır: “Yediyimiz qida, nəfəs aldığımız hava, içdiyimiz su və iqlim şəraiti, planetimizi yaşamaq üçün əlverişli edən bütün bu amillər hamısı təbiətin bizə bəxş etdiyi nemətlərdir. Öz qayğımıza qalmaq üçün əvvəl təbiətə qayğı göstərməliyik".
Açılış nitqlərindən sonra tərəfdaş təşkilatlar tərəfindən “Özün Yarat” müsabiqəsinin builki qaliblərinə mükafatlar təqdim olunub.
Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr, digər qaliblərə həvəsləndirici mükafatlar və sertifikatlar təqdim olunub.