"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək: "Ödənişlər təkrar yoxlamalar keçirildikdən sonra veriləcək. Ümumilikdə birdəfəlik ödəmə proqramı üzrə yönəldilən vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq ki, bunun da 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək".
O bildirib ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib: "Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı verilir".
S.Babayev həmçinin xatırladıb ki, işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsi genişlənəcək: "Həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanan qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, bu il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək".