Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağı ətrafları amputasiya olunan daha bir qrup müharibə əlili yüksək texnologiyalı protezlərlə təmin edib
"Report" xəbər verir ki, bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha 8 nəfər qaziyə müasir protezlər verilib.
Mərkəzin direktoru Asif Məcidov jurnalistlərə açıqlamasında xatırladıb ki, 2020-ci ilin dekabr ayından artıq 270 nəfər müharibə əlili yüksək texnologiyalı 285 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib: "Onlardan 82 nəfəri I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir ki, 87 ədəd müasir potezlərlə təmin olunublar. 188 nəfəri isə 44 günlük Vətən müharibəsinin qazisidir və həmin şəxslərə 198 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir".
O qeyd edib ki, təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.