Əmək pensiyaçılarının adlı siyahıları onların uçotda olduqları yerli orqanlar üzrə üzləşdirilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası təyin edilmiş 41 pensiyaçıya pensiya təyinatından sonrakı dövrlərdə Fondun digər tabeli orqanları tərəfindən də pensiya ödənişinin davam etdiyi aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, bu şəxslərdən 13 nəfərinə təkrarən pensiya təyinatı mərkəzləşdirilmiş şəkildə avtomatlaşdırılmış qaydada, digər 28 nəfərə isə yerli orqan tərəfindən həyata keçirilib. Göstərilən hallar üzrə ümumilikdə 279487,92 manat artıq pensiya ödənişi aparılıb.
2018-ci ilin sonlarından başlayaraq Fond tərəfindən əmək pensiyaçılarının uçotunun daha funksional sistem hesab olunan Pensiya Alt Sistemi (PAS) üzərindən aparılmasına başlanılıb ki, bu da pensiya ödənişlərində yol verilən xarakterik nöqsanların aradan qaldırılmasına müsbət təsir göstərsə də, qeyd edilən nöqsanların, xüsusilə vəfat etmiş pensiyaçılara pensiya ödənişlərinin onların vəfatından sonrakı dövrdə də davam etməsi hallarının hələ də müşahidə olunması sistem tərəfindən digər qurumların informasiya bazalarına inteqrasiya prosesinin keyfiyyətli formada qurulmadığını, eləcə də əldə edilmiş məlumatların emalı prosesinin real vaxt rejimində olmaqla həyata keçirilmədiyini göstərir.
Maliyyə hesabatlarının təhlili zamanı maliyyə hesabatları üzrə göstəricilərin, eləcə də həyata keçirilmiş əməliyyatların uçotunun təhlili aparılıb, nəticədə maliyyə hesabatlarının hazırlanması zamanı bir sıra hallarda baş verən əməliyyatlara düzgün mühasibat yazılışlarının verilmədiyi, habelə məsrəflərin toplanması və maliyyə hesabatlarına köçürülməsi zamanı təsnifləşdirmə səhvinə yol verildiyi aşkar edilib.
Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.