"Bəzi sosial şəbəkə səhifəsində yayılan videoda Cəlilabad rayonu, Məşədilər kənd sakini Səfərov Təyyar Kürşad oğlunun ailəsinə ünvanlı sosial yardım verilməməsi ilə bağlı şikayəti əsassızdır. Çünki hələ ötən ilin 1 aprelindən həmin ailəyə ünvanlı sosial yardım təyin edilib".
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
"Həmin vaxt pandemiya ilə bağlı sərt karantin rejimi olduğuna görə ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan yardım təyin olunmuşdu. Lakin sonradan müəyyən olundu ki, o, yardım üçün müraciət edərkən ailənin mülkiyyətində pay torpağı olduğunu qeyd etməyib. Qanunla belə hallarda (yəni ailənin əmlakı barədə məlumatlar müraciət zamanı qeyd edilmədiyi hallarda) yardım təyin oluna bilməz. Ona görə də Təyyar Səfərovun ailəsinə ödənilən sosial yardım dayandırılıb. Lakin Təyyar Səfərov elektron qaydada yenidən müraciət edərək, ailəsinin torpaq payı barədə məlumatları ərizə bəyannamədə qeyd edərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranıb-yaranmamasına baxılacaq" -deyə DSM-nin açıqlamasında bildirilib.