Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası” əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanacaq yeni reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə ölkə üzrə vahid informasiya bazasını formalaşdıracaq.
Nazirlikdən "Report"a verilən məlumata görə, əsas məqsəd əlilliyi olan şəxslər barədə belə bir informasiya bazasının yaradılması ilə müvafiq məlumatların uçotu və təhlillərinin aparılması, əlillik sahəsində xidmətlərin keyfiyyətinin artırılmasıdır.
Məlumat bazasında əlilliyi olan şəxslərin fərdi məlumatları, əlilliyinə, sosial müdafiə tədbirləri ilə əhatə olunmasına, sosial ödənişlə, reabilitasiya xidmətləri və vasitələri ilə təminatına, peşə-əmək qabiliyyətinin itirilməsi faizinə, məşğulluq vəziyyətinə, məşğulluq tədbirlərinə cəlb olunmasına və s. dair bütün məlumatlar əhatə olunacaq.