Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə əhalinin həssas qruplarından olan şəxslər aktivlərlə təmin olunaraq onlar üçün kiçik bizneslər yaradılır.
"Report" xəbər verir ki, bu barədə Dünya Bankının nümayəndə heyəti ilə görüşdə məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev layihənin ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək məqsədi daşıdığını bildirib.
Qeyd olunub ki, layihə 22 min işsiz şəxsi əhatə edəcək və onların kiçik biznesə çıxışına imkan yaradacaq. Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur və qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar verilir.
Artıq 3 550 nəfər biznes planlarını müdafiə edib və həmin şəxslərin aktivlərlə təminatı prosesinə artıq başlanıb. Qarşıdakı dövrdə də davam edəcək.
Layihəyə cəlb olunanların mühüm bir qismi də müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, eləcə də aztəminatlı ailələrin üzvləridir.
Görüşdə Dünya Bankının ölkə meneceri Sara Maykl, sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, baş iqtisadçısı Sirma Demir Şeker və digərlərinin fikirləri dinlənilib, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası üzrə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.