Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvləri sosial-psixoloji dəstək tədbirləri ilə də əhatə olunub.
"Report" xəbər verir ki, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlardan ibarət qrupları son bir ayda 1 400-dən çox ailə ilə görüşüblər.
Onlardan psixodəstək tədbirlərinə ehtiyacı olan ailələr üçün psixokorreksiya işləri üzrə seanslar təşkil olunur. Bir sıra şəxslər ehtiyaclarına uyğun ödənişsiz dərman preparatları ilə təmin ediliblər. Həmçinin Agentliyin “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) tərəfindən 300-ə yaxın zəng üzrə vətəndaşlara dəstək göstərilib.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax və Naftalan Reabilitasiya Mərkəzlərində isə şəhid ailəsi üzvlərindən, yaralanmış hərbçilərdən, şəhid müharibə iştirakçılarından, onların yaxınlarından ibarət 125 nəfərə sosial-psixoloji xidmətlər göstərilib. Şirvan Reabilitasiya Mərkəzində bu kateqoriyalardan olan 12 nəfər uzunmüddətli sosial-psixoloji reabilitasiyaya cəlb olunub. Bakı Sağlamlıq Mərkəzində müalicə alan hərbçilərdən ehtiyac duyan bir qismi də Agentliyin mütəxəssislərindən ibarət qrup tərəfindən sosial-psixoloji xidmətlərlə təmin olunurlar.
Agentliyin Uşaq Reabilitasiya Müəssisələrində qeyd edilən kateqoriyalardan olan ailələrdən olan və sosial-psixoloji reabilitasiyaya ehtiyac duyan uşaqlara da müvafiq xidmətlər göstərilir.