Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi şəhid övladları üçün xaricdə təhsil proqramları üzrə (SAT/TOEFL/IELTS) uzunmüddətli ödənişsiz kurslar təşkil edəcək.
Bu barədə "Report" Birliyin sədri Sevinc Fədai məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və yaralanmış şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlana bilməsi Birliyin öncəliyidir: "Bu, istər fərd, istər təşkilat olaraq mənəvi borcumuz və məsuliyyətimizdir. Bu baxımdan Birliyin fəaliyyətində davamlı olaraq şəhid və qazi övladları üçün həyata keçirilən layihələr yer alacaq".
Sevinc Fədai bildirib ki, xaricdə təhsil proqramları üzrə dərslər Birliyin Xaricdə təhsil üzrə koordinatoru, Xaricdə təhsil proqramları üzrə mütəxəssis, pedaqoq Lalə Əliyeva tərəfindən keçiriləcək: "Əlavə olaraq, imtahandan sonra sənədlərin toplanması, universitet seçimi və qəbul prosesindən sonrakı mərhələnin koordinasiyasi Lalə Əliyevanın şəxsən özü tərəfindən aparılacaq. Dərslər ingilis dilində olacaq".
Birlik qazi övladlarının da yararlana biləcəyi ödənişsiz kursa start verir: "Həm DİM imtahanlarına hazırlıq, həm dərsdən geri qalan şagirdlər üçün Fizika və Riyaziyyat fənlərindən tamamilə ödənişsiz 3 aylıq intensiv onlayn dərslər təşkil etməyə başlayırıq. Dərslər ictimai əsaslarla əməkdaşlıq etdiyimiz peşəkar müəllim, Bakı Dövlət Universiteti Fizika ixtisası bakalavr məzunu, magistr təhsilini isə İtaliyanın Modena Universitetində Fizika və Riyaziyyat ixtisası üzrə başa vurman Güman Quliyev tərəfindən keçiriləcək".
Qeyd edək ki, devizi "Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru" olan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 2018-ci ildə yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Birlik bu günə qədər üzvlərinin və tərəfdaşlarının könüllü dəstəyi ilə paytaxtda və regionlarda bir sıra layihələr, seminarlar və aksiyalar həyata keçirib.