"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb".
Bu barədə “Report”un sorğusuna cavab olaraq Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib.
Onun sözlərinə görə, uşağın maraqlarını qorumaq məqsədi ilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib: “Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qrumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Onu da deyək ki, azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb”.
Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
Xatırladaq ki, 11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.