Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı bu il işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 62 min manata yaxın (2020-ci illə müqayisədə 46,8 faiz çox) məbləğində vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib.
"Report" xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.
Bildirilib ki, həmin məbləğin 81.6%-ni əmək haqları, 5.1%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənişlər təşkil edib.
Müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.