İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə regional mərkəzdə 22 nəfərə xidmət göstərilir

İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə regional mərkəzdə 22 nəfərə xidmət göstərilir İsmayıllı rayonunda fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə regional mərkəzdə 22 nəfərə xidmət göstərilir.
Sosial müdafiə
18 Sentyabr , 2024 19:11
İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə regional mərkəzdə 22 nəfərə xidmət göstərilir

İsmayıllı rayonunda fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə regional mərkəzdə 22 nəfərə xidmət göstərilir.

"Report"un İsmayıllıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Mərkəzin direktoru Lətifə Əliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunan mediatur zamanı məlumat verib.

O qeyd edib ki, 2011-ci ildən bəri fəaliyyət göstərən mərkəz 2021-ci ilin noyabrında yenilənmiş və əsaslı təmir edilmiş binaya köçürülüb:

"Uzun illərdir, fəaliyyətimiz nəticəsində gəldiyimiz qənaətə görə, İsmayıllı rayonunda sosial-məişət problemləri sırasında boşanmalar ön sıradadır. Ona görə də, mərkəz olaraq, xüsusilə bu istiqamətdə iş aparır, ailələrdə problemin həllini tapmağa, boşanma zamanı uşaqların psixoloji təsirlərdən qorunmasına çalışırıq".

Direktor vurğulayıb ki, bununla bərabər, mərkəz müxtəlif istiqamətlərdə maarifləndirici təlimlərə, psixoloji, pedaqoji, loqopedik dəstəyə və ya xüsusi qayğıya ehtiyacı olan uşaqlara, o cümlədən qadınlara və ümumilikdə ailələrə müvafiq sahədə köməklik göstərir:

"Hazırda İsmayıllı Ailə, Qadın və Uşaq Problemləri üzrə Regional Mərkəzin xidmətlərindən yararlanan 22 nəfər arasında həm uşaqlar, həm qadınlar, həm də kişilər var. Qayğıya və dəstəyə ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsində isə rayonda fəaliyyət göstərən digər aidiyyəti qurumlarla, o cümlədən orta məktəblərlə koordinasiyalı çalışırıq".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlarda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə Şüvəlan və Goranboy Mərkəzləri, 2010-cu ilin dekabrında isə daha 9 mərkəz (Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab) Dövlət Komitəsinin tabeçiliyinə verilib.

Dəstək Mərkəzləri həssas ailələrə və şəxslərə yönəlmiş dəstək tədbirləri həyata keçirir, ailə, qadın və uşaq məsələləri ilə bağlı müxtəlif sosial layihələr və proqramlar hazırlayaraq icra edir, məişət zorakılığı, erkən nikah, narkomaniyanın qarşısının alınması, həmçinin ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, gender mədəniyyətinin formalaşdırılması üzrə əhalinin maarifləndirilməsi işləri aparır, valideynlərin və mütəxəssislərin bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil edir. Mərkəzlərdə direktor, baş mühasib, sosial iş üzrə mütəxəssis-psixoloq, sosial iş üzrə mütəxəssis, sosial pedaqoqlar, fiziki tərbiyə rəhbəri (təlimatçı) çalışır.

2023-cü il ərzində mərkəzlərin fəaliyyətindən 32 399 nəfər faydalanıb.

Son xəbərlər

Orphus sistemi