Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçmiş məcburi köçkünlər üçün tikilən, istifadəsiz mənzillərin satışı portalını hazırlayır.
Nazirlikdən "Report"a verilən məlumata görə, hazırlanan portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - “ASAN Login” üzərindən giriş imkanı olacaq.
Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq.
Qeyd edək ki, satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Хocəsən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir.
Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.