Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiya qərarı ilə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı işçi qruplar yaradılıb.
"Report" xəbər verir ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilib.
Milli Fəaliyyət Planının 11.1-ci bəndinə əsasən onun uğurla həyata keçirilməsi üçün Komitə “Qanunvericiliyin və institusional mexanizmin təkmilləşdirilməsi” və “Məişət zorakılığının qarşısının alınması və zərərçəkmiş şəxslərin müdafiəsi” üzrə işçi qrupların yaradılması haqqında qərar qəbul edib. İşçi qrupun tərkibinə müvafiq dövlət orqanlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin daxil edilməsi nəzərdə tutulub.
İşçi qruplar prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaq. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.