Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Müdafiə Nazirliyi və digər qurumlar üzrə “Müharibə veteranı” adı verilmiş şəxslərə də Prezidentin aylıq təqaüdü təyin edilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sərəncama uyğun olaraq, Müdafiə, Daxili İşlər, Ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edib, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti isə bu məlumatları kağız və elektron daşıyıcılarda təqdim ediblər.
Bu məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və razılaşdırılaraq, adları “Zəfər” altsisteminə daxil edilmiş, habelə kağız daşıyıcılarda təqdim edilmiş veteranlara Prezidentin aylıq təqaüdünün (80 manat) təyinatı prosesi yekunlaşıb.
Həmin şəxslərə təqaüd onların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada təyin edilib.
Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək həmin vaxtdan hesablanıb ödənilir. Təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.
Müharibə veteranı üçün təqaüdün təyin edilməsi, habelə ödəniş kartını haradan əldə etmələri barədə məlumatı Nazirliyin rəsmi internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” adlı bölməyə daxil olmaqla da öyrənmək olar.
Xatırlatma üçün bildiririk ki, “Müharibə veteranı” statusu və vəsiqəsi şəxsin qulluq keçdiyi qurum tərəfindən müəyyən edilərək Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir və bundan sonra “Zəfər” altsisteminə daxil edilir. Bunun əsasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüd təyin olunur.