“Bu gün Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs var. Onların da bir çoxu əmək şəraitində əmək qabiliyyətini və özünə qulluq qabiliyyətini itirənlərdir”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.
Nazir xatırladıb ki, pandemiya dövründə 1 milyon 700 mindən çox insanın iş yeri və əmək haqqı qorunub:
“Özəl sektorda 150 mindən çox əmək müqavilələrinin sayının artması qeyri-formal iş yerlərinin sayının azalmasının bariz nümunəsidir.
S.Babayev bildirib ki, hələ də ölkədə qeyri-formal məşğulluq ciddi problem kimi qalır:
“Odur ki, bu istiqamətdə görüləcək tədbirlər mütəmadi şəkildə davam etdirilir. 190 manatlıq 6 dəfə ödənişin həyata keçirilməsi vasitəsilə 450 milyon manatdan çox vəsait ödənilib. Bu da insanların dolanışığı üçün vacib addım idi”.