Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahəsində aparılan işlər müzakirə edilib, məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub.
Nazirlikdən "Report"a verilən məlumata görə, sosial islahatların məşğulluq sahəsini də geniş şəkildə əhatə etdiyini bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mühüm islahat istiqaməti kimi məşğulluq xidmətlərinin rəqəmsal infrastrukturunun qurulması istiqamətində son illərdə mühüm addımların atıldığını qeyd edib.
O, “Məşğulluq” altsisteminin yaradılaraq, bütün vakansiyaların bu e-sistemdə toplandığını, iş və işçi qüvvəsi üçün bütün müraciətlərin də həmin e-sistemdə qarşılandığını, məşğulluq sahəsi ilə bağlı hesabat təqdimetmə prosedurlarının elektron müstəviyə keçirildiyini deyib.
Nazir həmçinin işsiz və işaxtaran şəxslərin qeydiyyatının, fərdi məşğulluq proqramlarının tərtibinin elektronlaşdırıldığını qeyd edib. Məşğulluq xəritəsinin, “BACAR” virtual informasiya resursunun, “E-əmək birjası və yarmarkası” sisteminin və s. hazırlanmaqda olduğunu bildirib. Qurulmaqda olan “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) e-platformasının ölkə üzrə əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq, təhlil kimi funksional istiqamətləri və s. əhatə edəcəyini deyib.
Bildirilib ki, digər islahat istiqaməti məşğulluq xidmətlərinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışında, məşğulluğunun təmin olunmasında daha çevik və effektiv rola malik olmasına yönəlib. Bunun üçün vacib şərtlərdən biri ilk növbədə işsiz və işaxtaran şəxslərin real imkan və bacarıqları müqabilində onların məşğulluq imkanlarının qiymətləndirilməsi üçün daha təkmil mexanizmin qurulmasıdır. Bu əsasda onlarla bağlı görüləcək məşğulluq tədbirlərinin ardıcıllığının və sistemliliyinin təmin edilməsi, həmin şəxslərlə bağlı fərdi məşğulluq proqramının tərtibatında da bu ardıcıllığın nəticəyə yönəlik prinsip üzrə düzgün müəyyən olunması xüsusi önəm kəsb edir.
İclasda Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə, ƏMAS e-platformasına, “Məşğulluq xəritəsi”nə, məşğulluğa yeni yanaşma üzrə konsepsiya sənədinə, əmək bazarı və məşğulluq bülleteninə, Ərazi Məşğulluq Filiallarının fəaliyyətinin qiymətləndirilməsinə dair təqdimatlar olub. Həmçinin məşğulluğun qiymətləndirilməsi üzrə hazırlanmış yeni metodologiya layihəsi təqdim edilib, təqdimatlar əsasında müzakirələr aparılıb.