Azərbaycanın Ombudsman Aparatı Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva "Report"un sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı yayılan məlumat araşdırılıb.
Bildirilib ki, Ombudsman Aparatı tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumat araşdırılaraq nəzarətə götürülüb.
Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsi ilə məsələyə dair müzakirə aparılıb.
Ombudsman Aparatı tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara hüquq və vəzifələri, erkən nikahın fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən məsələ Aparatın Uşaq hüquqlarının müdafiəsi sektoru tərəfindən nəzarətdə saxlanılacaq.