Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) UNİCEF-in Ölkə Ofisi ilə əməkdaşlığı çərçivəsində illik fəaliyyət planına uyğun olaraq, BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinin həyata keçirilməsi məqsədilə ayrıca istiqamət olaraq sosial işçi və hüquqşünaslardan ibarət tərkibdə fəaliyyətin icrasına başlanılıb.
Ombudsman Aparatından "Report"a verilən məlumata görə, bu fəaliyyət təhsil, səhiyyə, sosial, penitensiar müəsisələrdə və sığınacaqlarda monitorinqlərin, sorğuların keçirilməsinə, uşaq hüquqları sahəsində mövcud çətinliklərin aradan qaldırılmasına və ölkədə həyata keçirilən islahatlara dəstək verəcək.
Qeyd edək ki, COVID-19 pandemiyası dövründə bu fəaliyyət davam etdirilib, mövcud epidemioloji vəziyyətdə əhalinin bütün qruplarının Ombudsmana müraciəti üçün tam əlçatanlıq təmin olunub. Elektron qaydada və sosial şəbəkələr ("Facebook", "Twitter"), habelə qaynar xətlər vasitəsilə əhali qruplarının Müvəkkilə ünvanlanan müraciətləri qəbul edilməkdədir.
Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzlərinin yerləşdikləri və əhatə etdikləri ətraf rayonlar, şəhərlər üzrə fəaliyyəti də regionlardan olan müraciətlərin yerində araşdırılması, məlumatlandırma tədbirləri baxımından əhali qrupları üçün əlavə imkanlar yaradır.