Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub.
Bu barədə "Report"a Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev hadisə yerində olublar. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə binaya baxış keçirilib.
Binanın beton konstruksiyalarında qüsurlar qeydə alındığı üçün məcburi köçkünlərə binanı tərk etmək tövsiyə olunub. Fövqəladə Hallar Nazirliyi məcburi köçkünlərin gecələməsi üçün ərazidə çadırlar, səhra mətbəxi və yeməkxana qurub. Ərazi işıqlandırılması üçün "Azərişıq" ASC tərəfindən transformatorla təmin edilib.
Sentyabrın 16-da Fövqəladə Hallar Nazirliyi qəzalı vəziyyətdə olan binadan sakinlərin təxliyəsinin vacibliyini bildirib. Hazırda binada müvəqqəti məskunlaşmış 98 məcburi köçkün ailəsinin kirayə mənzillərə köçürülməsi üçün Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür.
Dövlət Komitəsi həmin ailələri məcburi köçkünlər üçün Bakı şəhərinin Sabunçu rayonu ərazisində tikilən, gələn ilin əvvəllərində istifadəyə veriləcək yeni yaşayış kompleksində yerləşdirməyi nəzərdə tutub.