Quba rayonunda sahibsiz küçə heyvanları üçün sığınacaq istifadəyə verilib.
"Report"un Şimal bürosunun məlumatına görə, rayon mərkəzindən kənarda inşa olunan sığınacağa "Sadiq dost" adı verilib.
Mərkəzin açılışında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, şəhər bələdiyyəsinin sədri Humay Məmmədova, "Azərbaycan Heyvanların Mühafizəsi" İctimai Birliyinin nümayəndəsi Fərid Mansurov, İsrailin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Doron Peer və jurnalistlər iştirak ediblər.
Sahibsiz itlər mərkəzə gətirilərək quduzluq və digər xəstəliklərə qarşı vaksinasiya olunur, həmçinin nəsil artırmaq qabiliyyəti qısırlaşdırılmaq metodu ilə dayandırılır.
Burada itlərlə yanaşı, xəstə atlar və digər heyvanlara da qayğı nəzərdə tutulub və bunun üçün hər cür şərait yaradılıb.
Mərkəzdə fəaliyyət göstərən klinikada heyvanların müayinə və müalicəsi üçün baytar həkim və tibbi personal çalışır.
Artıq sığınacağa 20-yə yaxın sahibsiz küçə iti gətirilib və xüsusi qayğıyla bəslənilir.