Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.
ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən "Report"a verilən məlumata görə, artıq fond tərəfindən 700-dək şəhidin 1 700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir.
Bu ay nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə aparılmasına imkan verib.