Şəhid ailələri və yaralılara sosial dəstəklə bağlı plan hazırlanır

Şəhid ailələri və yaralılara sosial dəstəklə bağlı plan hazırlanır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərinin – 4 proaktiv, 2 elektron, 5 e-arayış xidmətinin təqdimatını edib.
Sosial müdafiə
14 Dekabr , 2020 13:01
Şəhid ailələri və yaralılara sosial dəstəklə bağlı plan hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərinin – 4 proaktiv, 2 elektron, 5 e-arayış xidmətinin təqdimatını edib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq nazirlik Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır. Nazirliyin əməkdaşları hər bir şəhid ailəsi, yaralanmış hərbçi, itkin düşmüş hərbçilərin ailələri ilə görüşərək, dəstək tədbirləri görür.

Qeyd edilib ki, şəhid ailələrinə Prezidentin aylıq təqaüdlərinin, pensiya və ya müavinətlərinin təyinatları aparılır. Son bir həftədə şəhidlərin 1200-ə qədər ailə üzvünə təqaüd, pensiya, müavinət təyinatları aparılıb və proses davam edir. Qeyd edilən vətəndaşlara ünvanlı yardım, məşğulluq və özünüməşğulluq proqramları, psixoloji xidmətlər çərçivəsində də dəstək işləri görülür.

Bildirilib ki, nazirliyin elektronlaşma proqramının icrasında da həssas qruplar, şəhid ailələri ilə bağlı xidmətlərin elektronlaşdırılması diqqətdə saxlanılır. Ötən ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatına başlanıb. Həmin vaxtdan bu ilin dekabrın 1-nə qədər 120 minədək şəxsə pensiya və müavinət, təqaüd e-qaydada təyin olunub.

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov qeyd edib ki, bu gün daha 4 proaktiv xidmət, 2 elektron xidmət və 5 e-arayış xidməti təqdim edilir. Bildirilib ki, e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir. Bu sahədə daha bir addım kimi, portalda reyestr və arayışların tərkibinə Milli Qəhrəmanların, onların ailə üzvlərinin, şəhidlərin və onların ailə üzvlərinin, əmək veteranlarının, fəxri ad və fərdi təqaüd alanların, I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərin, sosial tərəfdaşlar tərəfindən edilmiş yardımların reyestrləri də əlavə edilib.

Beləliklə, nazirlik üzrə e-xidmətlərin sayı 58-ə çatır ki, onlardan, 31-i proaktivdir. E-arayış xidmətlərinin sayı isə 20-yə çatır.

Son xəbərlər

Orphus sistemi