İlham Əliyevin Azərbaycan xalqının böyük etimadı ilə yenidən prezident seçilməsindən 4 il ötür. Bu müddət ərzində dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən müddətdə ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Musa Quliyev "Report"a bildirib ki, İlham Əliyevin prezidentliyi dövrü müasir, müstəqil Azərbaycanın tarixində sürətli iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi, uğurlar və böyük qələbələr dövrü kimi qalacaq.
Onun sözlərinə görə, 2003-cu ildə Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçilən İlham Əliyevin rəhbərlik etdiyi dövr ərzində ölkə iqtisadiyyatı xeyli böyüyüb, ümumi daxili məhsul 3,2 dəfə artıb, vətəndaşların sosial rifah halı yüksəlib: “Bu illər ərzində nominal əməkhaqqı 8,6, minumum əməkhaqqı 12,9, orta aylıq əməkhaqqı 7, pensiyalar isə 10 dəfə yüksəlib. Bu illər ərzində Azərbaycan özünün siyasi və iqtisadi islahatlarını tamamilə başa çatdırıb, 2018-ci ildən sonra isə dərin sosial islahatlar dövrünə qədəm qoyub. 2018-ci il aprelin 11-də Azərbaycan xalqının növbəti dəfə etimadını qazanaraq böyük səs çoxluğu ilə prezident seçilən İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifahın və sosial ədalətin bərqərar olması və vətəndaşlarımızın inkişaf etmiş bir dövlətdə yaşaması üçün gərək olan hər şeyi edəcəyini xalqa bəyan etdi. Heç də təsadüfi deyil ki, İlham Əliyevin dördüncü dəfə prezident seçilməsindən sonra verdiyi ilk fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Həmin dövrdə İlham Əliyev dərin islahatların anonsunu verdi. Azərbaycanın dövlət büdcəsində əlavə vəsaitlər nəzərdə tutuldu. 2018-ci ildən sonrakı dövrü üçün dərin islahatlar həyata keçirildi. 2019-cu ilin yanvarında prezidentin 30-dan çox fərman və sərəncamı əsasında iki dərin sosial islahatlar zərfi qəbul edildi. Bundan sonrakı mərhələdə isə 2021-ci ilin sonu 2022-ci ilin əvvəlində isə III sosial islahatlar paketi qəbul edildi. Bununla sosial sahəyə yönələn vəsaitin 6,5 milyard manat həcmində genişlənməsinə səbəb oldu. 2018-2022-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faiz, minumum pensiyalar 2,2 dəfə, orta pensiya 65 faiz artıb”.
Deputat vurğulayıb ki, koronavirus pandemiyası ilə mübarizədə Prezident İlham Əliyev dünya çapında lider olduğunu bir daha nümayiş etdirib: “Təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq bəşəriyyətin bu bəladan xilas olması üçün lazım olan addımların atılması ilə bağlı təkliflər irəli sürdü və tədbirlər həyata keçirdi. Eyni zamanda 44 günlük Vətən müharibəsində də İlham Əliyev Ali Baş Komandan kimi öz xalqını və ordusunu ətrafında birləşdirərək Azərbaycan torpaqlarını işğaldan azad etməyə və ərazi bütövlüyünü təmin etməyə müvəffəq oldu. Müharibədən sonrakı vaxtda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi Prezident İlham Əliyevin daxili siyasətində prioritet istiqamət kimi qiymətləndirilir”.