Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 2020-ci ilin sentyabrın 27-dən başlayaraq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 11 şəhər və rayon ərazisində bərpa və yenidənqurma işləri davam etdirilir.
"Report"un Qarabağ bürosunun məlumatına görə, Vətən müharibəsi zamanı daha çox ziyan görməsinə baxmayaraq düşmən hücumlarına qəhrəmancasına sinə gərən Tərtər rayonunda dağıntıya məruz qalan evlərin bərpa və inşasına start verilib.
Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində obyektlərə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.
Beləliklə, düşmənin terror hücumları nəticəsində ən çox mərmi düşən və ən çox dağıntıya məruz qalan qəhrəman şəhərdə vətəndaşların evlərinə dəyən ziyanla bağlı dövlət tərəfindən əşyalar üçün ödənilən kompensasiyadan sonra evlərin tikintisinə başlanılıb.
Rayon sakini İsmayılov Sahib Cəfər oğluna məxsus ev Tərtərdə erməni terroru nəticəsində dağıntıya məruz qalıb. Sahib Cəfərovun evinə isə bir neçə artilleriya mərmisi düşdüyündən dağılıb. Dördotaqlı evin iki otağı tamamilə yararsız hala düşüb, 2 otağın isə divar və tavan hissəsi deformasiyaya uğradığından yaşamaq üçün münasib sayılmır. Ev sahibinin sözlərinə görə, həmin ev, müharibədə erməni terrorunun nəticəsi olaraq qorunub saxlanılmaqla, həyətdə yeni ev inşa edilərək sahibinə təhvil veriləcək.
Evi tamamilə dağıdılan rayon sakinlərindən biri də Nemət Ərəbovdur. O "Report"a açıqlamasında bildirib ki, evinə müharibə zamanı bir neçə dağıdıcı top mərmisi düşüb. Mərmi partlayışı nəticəsində 5 otaqlı ev tamamilə dağıdılıb. Hazırda evin yerində söküntü təmizləmə işləri aparılır. Dövlətin dəstəyi ilə ev sahibinin 5 otaqlı mənzili inşa edilərək təhvil veriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.
Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilmiş, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işlərə Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində paralel olaraq başlanılıb.