Ucarın Əlikənd kənd həkim məntəqəsi qəzalı vəziyyətdədir və hər an uçma təhlükəsi ilə üz-üzədir.
Bunu “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri deyiblər.
Sakinlər bildiriblər ki, hazırda həkim məntəqəsinin dam örtüyü qırıq, pəncərələri sınıq, divarları çatlaqdır, daxili hissəsi uçmamaq üçün taxta konstruksiyalarla bərkidilib.
Qeyd edək ki, Əlikənd kənd həkim məntəqəsinin inzibati binası 1990-cı ildə tikilib və vaxtilə 50 çarpayılıq kənd xəstəxanası kimi fəaliyyət göstərib. Bundan başqa, binada illər əvvəl Ucarın üç kəndinin - Əlikənd, Ramal və Şahlıq kəndlərinin üç minə yaxın əhalisinə tibbi xidmət göstərilib.
Son illər isə bina baxımsızlıq ucbatından qəzalı vəziyyətə düşüb. Burada şərait olmadığı üçün sakinlər kənddən 15-16 km aralıda yerləşən Ucar Rayon Mərkəzi Xəstəxanasına üz tutmağa məcbur olurlar.
Məsələ ilə bağlı Əlikənd kənd bələdiyyəsinin sədri “Report”un yerli bürosuna bildirib ki, bununla bağlı rayon rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb.
Ucar Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Xaləddin Qafarlı isə deyib ki, xəstəxananın vəziyyətindən xəbərdardırlar və aidiyyəti qurumlar həmin xəstəxana binasına baxış keçiriblər: "Xəstəxana binasının yenidən tikilməsi dövlət proqramına salınıb və yaxın vaxtlarda vəsait ayrılan kimi yeni bina tikilərək sakinlərin istifadəsinə veriləcək".
Mövzunu diqqətdə saxlayacağıq.