Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 2 119 şəxs (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 207 şəxs) müraciət edib.
"Report" xəbər verir ki, ilk mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 570 müraciət;
- Müdafiə Nazirliyi üzrə 852 müraciət;
- Səhiyyə Nazirliyi üzrə 48 müraciət;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 87 müraciət;
- Yerli icra hakimiyyəti orqanları üzrə 149 müraciət;
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 46 müraciət;
- Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 160 müraciət;
- Çağrı mərkəzi-142 vasitəsilə 207 müraciət.
Qeyd edək ki, Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılıb. Bu mərkəzlərdə şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara, müharibə əlillərinə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 19 dövlət orqanı (6 mərkəzi, 13 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.