Erməni təxribatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dağılan evlərin tikinti və bərpası tamamlanıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, kəndin atəşə tutulması nəticəsində dağılan bir iaşə obyektində isə son tamamlama işləri davam edir.
Obyektin sahibi, Cocuq Mərcanlı kənd sakini Oktay Həziyev bildirib ki, Vətən müharibəsi zamanı ermənilərin Cocuq Mərcanlı kəndini atəşə tutmaları təsadüfi deyil: "Qarabağa böyük qayıdışın bu kəndlə bağlı olmasını ermənilər də yaxşı bilirlər. Ona görə də artıq döyüş meydanında uduzduğunu anlayan, lakin bu məğlubiyyəti həzm edə bilməyən erməni silahlı terrorçuları Cocuq Mərcanlını atəşə tutmaqla böyük qayıdışın başlanğıcına xələl gətirməyə çalışırdılar. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu erməniləri dəmir yumruqla məhv edərək ərazilərimizi işğaldan azad etdilər. Bu kənd onların gözü qarşısında xarabalıqdan abadlığa çevrilib. Onlar buradakı inkişafı pillə-pillə öz gözləri ilə görüb. Onlar yaxşı bilirdi ki, Cocuq Mərcanlının inkişafı Qarabağda böyük qayıdışın təməlidir. Atılan mərmilər burada olan evlərə və obyektlərə zərər vurdu. Amma onlar millətin əzmini sındıra bilmədi. İndi də şükür dövlətimiz bütün zəruri tədbirləri həyata keçirir. Mənim obyektim də tam təmir olunaraq başa çatdırılır".
Cocuq Mərcanlıda hazır olan evlərdə artıq yaşayış təmin edilib. Ermənilərin ağır artilleriya zərbələri nəticəsində Cocuq Mərcanlı kəndində 47 tikiliyə zərər dəydi. Daha çox evlərin dam örtükləri yararsız hala düşüb. Lakin qələbədən dərhal sonra Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq dağılan evlərin bərpası və tikintisinə start verildi.
Dövlət şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında Cəbrayılın Cocuq Mərcanlı kəndində işlər tamamilə yekunlaşdırılıb.
Məlumat üçün bildirək ki, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Cocuq Mərcanlı kəndində ziyan dəymiş 46 yaşayış evi və qeyri-yaşayış obyekti təmir-bərpa olunub, 1 sahibkarlıq obyekti yenidən tikilərək sahibinə təhvil verilib.