"Ötən ilin dekabr ayından müasir protezlərlə təminat həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub".
"Report" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Cavid Əbdul-Qədirov fevralın 3-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır: "Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsi olmaqla, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı, rahat hərəkətə imkan verir".
Agentlik sədri reabilitasiya sisteminin müasirləşdirilməsi işlərinin davam etdirildiyini bildirib və dövlət başçısının müvafiq sərəncamı ilə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulduğunu deyib.