Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün 4 günlük təlimlərə başlanıb.
"Report" xəbər verir ki, təlimləri bu sahədə dünyanın ən qabaqcıl texnologiyaya sahib şirkəti olan İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri aparır.
Agentliyin sədri Cavid Əbdul-qədirov vurğulayıb ki, Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq qazilərimizlə bağlı genişmiqyaslı dəstək tədbirləri həyata keçirilir. Dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.
Agentlik sədri son iki ildə və cari ilin ilk rübündə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini deyib. Qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradıldığını, postmüharibə dövründə yüzlərlə qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunduğunu qeyd edib. Eyni zamanda müharibədə yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına başlanıb.
Bildirilib ki, müharibə əlillərinin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatı işləri aparılır. Artıq 16 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub və bu sahədə işlər davam etdirilir. Yaxın zamanlarda daha 12 hərbçi elektron ayaq protezi ilə təmin olunacaq.
Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizə də yüksək texnologiyalı protezlər veriləcək.
Müəssisədə yuxarı ətrafları amputasiya olunmuş qazilərimizlə görüş olub, protezin hazırlanması üçün onlardan ölçülər götürülüb.